“Əsrin müqaviləsi”  bugünkü reallıqlarımızın təməlidir – Millət vəkili

16:46 20.09.2022 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Bu gün çox böyük və əlamətdar bir gündür. Hamıya məlumdur ki, 94-cü ildə Azərbaycan iqtisadiyyatı bərbad formada idi. Amma bu şəraitdə dünyanın ən aparıcı neft şirkətlərinin “Əsrin Müqaviləsi”ni imzalayarkən yalnız bir inamı var idi ki, Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlib və Ulu Öndər bu dövləti quracaq, onun rəhbərliyi altında iqtisadiyyat inkişaf edəcək, bu müqaviləyə də heç bir xələl gətirilməyəcək. Təsəvvür edin ki, həmin dövrdə 20-dən çox nəhəng Avropa və Amerika şirkətləri bu müqaviləyə imzalarını atdılar. Təbii ki, bu olduqca taleyüklü bir müqavilə idi. Bu müqaviləylə Azərbaycanın taleyi istər siyasi, istər iqtisadi cəhətdən tamamilə dəyişdi”.

Bu fikirləri hafta.az-a “Əsrin Müqaviləsi”nin tarixi və iqtisadi əhəmiyyəti barədə danışarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev deyib.

Millət vəkili vurğulayıb ki, bu müqavilə bugünkü reallıqlarımızın təməlidir: “Bu müqavilənin indiki Azərbaycanın müstəqilliyinə, dünyada tanınmağına, hətta deyərdim ki, müharibədə əldə etdiyimiz qələbəyə müsbət təsiri oldu. Bunun iqtisadi və maliyyə əsaslarını yaratdı. Azərbaycana milyardlarla dollar neft pulları axdı. Bu gün həmin yol davamlı olaraq inkişaf edir. Artıq biz qaz ixracatı, hətta tranziti ilə də məşğuluq. Eyni zamanda, Azərbaycan 10 nəhəng transmilli layihələr həyata keçirir, iki beynəlxalq standartlara uyğun dəniz limanları tikilib, multimodal nəqliyyat sistemi qurulub və s. Bütün bunlar onu göstərir ki, neft və qazdan gələn vəsaiti çox müdrik formada öz iqtisadiyyatımıza investisiya edirik. Nəticədə son 20 ildə Azərbaycan iqtisadiyyatını 4 dəfədən artıq inkişaf etdirib. Bu olduqca böyük rəqəmdir və artıq bu gün Azərbaycan dünyanın sayıb-seçilən ölkələrindən birinə çevrilib”.